27.10.2026
EVRASCON “Həzi Aslanov” metrosunun dalan yollarını yenidən qurdu
EVRASCON “Həzi Aslanov” stansiyasının dalan yollarını yenidən qurdu
Bakı metrosunun Qırmızı xəttindəki “Həzi Aslanov” stansiyasının dalan yollarında əsaslı yenidənqurma işləri başa çatıb. Layihənin tikinti işlərini Podratçı kimi “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON”” ASC həyata keçirib. Hazırda yekun sınaqlar aparılır. Sınaqlar başa çatdıqdan sonra dalan yolları istismara veriləcək.
Dalan yollarının tikintisinə ötən əsrin 80-ci illərində başlanılıb. Uzunmüddətli istismar, mürəkkəb hidrogeoloji şərait və aqressiv qrunt suyu dəmir-beton daşıyıcı konstruksiyaların güclü korroziyasına səbəb olub. Bu səbəbdən tavandan başqa, ümumi uzunluğu təxminən 1 km olan dalanın demək olar ki, bütün infrastrukturu sökülüb yenidən qurulub.
Layihə çərçivəsində görülən əsas işlər:
- Divarların arxasında və döşəmənin altında qrunt 1,5–2 m dərinlikdə inyeksiya üsulu ilə möhkəmləndirilib, qrunt və yağış sularının daxil olmasının qarşısı alınıb.
- Tavan metal dayaq konstruksiyaları ilə saxlanılmaqla yan və orta divarlar mərhələli şəkildə sökülüb, yeni beton konstruksiyalarla əvəz edilib.
- Dəmir-beton tavan əvvəlcədən sınaqdan keçirilmiş karbon lifli kompozit materiallarla gücləndirilib. Bu texnologiya Bakı metrosunda ilk dəfə tətbiq olunub.
- Divar və tavanlara korroziyaya qarşı qoruyucu boya çəkilib.
- Yolun üst quruluşu tam yenilənib: taxta şpallar dəmir-beton bloklarla əvəz edilib, yol ballastsız konstruksiyaya keçirilib.
- Hər yol altıvaqonlu qatarlar üçün 20 m uzadılıb. Dördyollu dalanda monolit əsaslar üzərində 6 yeni yolayrıcı quraşdırılıb.
- Elektrik enerjisinə qənaət edən və xidməti asanlaşdıran alüminium əsaslı kontakt rels quraşdırılıb.
- Elektrik təchizatı, rabitə, işarəvermə, fiber-optik xətlər, videomüşahidə, yanğın təhlükəsizliyi, su-kanalizasiya və ventilyasiya sistemləri tam yenilənib.
Bütün işlər yerin altındakı obyektin, həmçinin yaxınlıqdakı yaşayış binalarının və yolların təhlükəsizliyi təmin edilməklə, şəhərin gündəlik həyatına müdaxilə edilmədən aparılıb.
Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev layihənin mürəkkəbliyini vurğulayıb: “Bu layihə adi təmir işi deyil.” Onun sözlərinə görə, tavan yerində saxlanılmaqla divarların mərhələli şəkildə sökülüb yenidən qurulması işlərin ən çətin mərhələsi olub.
Layihənin icrasında Sifarişçi – Bakı Metropoliteni QSC, layihəçi – “Miras Engineering”, Podratçı isə “EVRASCON” ASC olub.
Dalan yolları istismara verildikdən sonra “Həzi Aslanov” – “Əhmədli” sahəsində məkik hərəkət ləğv olunacaq, qatarlar yenidən “İçərişəhər”dən “Həzi Aslanov”a birbaşa hərəkət edəcək. Dalan yolları qatarların gecə saxlanılması, texniki baxışı və qısa intervallı hərəkətin təşkili üçün istifadə olunacaq.
Soldan sağa: “EVRASCON” ASC-nin layihə rəhbəri Xəqani Əsədli, “EVRASCON” ASC-nin baş direktorunun müavini Azər Nəsibov və Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev

Soldan sağa: Sərdar Abbasov (“EVRASCON”, sahə rəisi), Sevil Kərimova (“Miras Engineering”, layihənin baş mühəndisi), Xəqani Əsədli (“EVRASCON”, layihə rəhbəri), Azər Nəsibov (“EVRASCON”, baş direktorun müavini), Can Uzel (Bakı Metropoliteni, layihə rəhbəri), Mahir Qocayev (“EVRASCON”, texniki ofis rəhbəri), Amil Orucov (“EVRASCON”, SƏTƏM departamentinin rəis müavini).
