Paryaşiy Most
Moskvada “Zaryadye” parkında yerləşən “Paryaşiy Most” - insanlığın dahiyanə ixtirasını üzə çıxaran və ən unikal struktura sahib mühəndislik fantaziyalarının gerçəkləşdiyi 21-ci əsrin şah əsərlərindən biridir.
Bu möhtəşəm memarlıq əsərinin həyata keçirilməsi "EVRASCON" Korporasiyası tərəfindən yerinə yetirilmişdir.
“Paryaşiy Most” – dünyada analoqu olmayan baxış meydançasıdır. Parkın ərazisi və Moskva çayının üzərindəki hissəsi, ümumi uzunluğu 244 m olan latın V hərfi görünüşlü baxış meydançası sayəsində təşkil olunmuşdur. "Paryaşiy Most" piyada keçidi, monumental gözəlliyi ilə insanları heyrətləndirir. Səkilərin eni 4,4 metr, körpünün strukturunun çəkisi 3700 ton, suyun orta hissəsində suyun üstündəki yüksəklik 15 metrdir və konsollu dəstəyin çıxışı 70 metrdir. İndiyə qədər belə bir konsol çıxışı olan tikili heç bir yerdə inşa edilməmişdir.
Konstruksiya gərginləşdirilmiş betondan istifadə edilməklə yerinə yetirilmişdir. Bu isə qurğunun əhəmiyyətli yükə - 240 tondan artığa və ya bir anda təxminən 4 min nəfərə tab gətirmək imkanı verir. Piyada keçidinin bütün uzunluğu boyunca baxış meydançası 1,5 metr hündürlükdə yüksək davamlılığı olan "tripleks" şüşə ilə hasarlanmışdır. Körpü, Kremlin mərkəzi sahil küçələrinin və Zaryadye Parkının panoramik mənzərələrinə açılır.
Körpünün tikintisi 2016-cı ilin iyun ayında başlayıb. 2017-ci ilin sentyabrında isə təntənəli açılış mərasimi baş tutmuşdur. “EVRASCON” Korporasiyası peşəkarlığını ortaya qoyaraq bu mürəkkəblikdə layihəni keyfiyyətli şəkildə və vaxtında həyata keçirmişdir.