16.04.2025

Qəhrəman Pərviz Həyatullayevin xatirəsinə həsr olunur

Son günlərdə Azərbaycan son illərin ən ağır təbii fəlakətləri ilə üzləşdi. Aramsız yağışlar, qar fırtınaları, güclü sel axınları və daşqınlar bütün respublika üzrə ciddi dağıntılara səbəb oldu. Təəssüf ki, bu təbiət hadisələri "EVRASCON" şirkətini də kənarda qoymadı.

16 aprel 2025-ci il səhəri — faciənin baş verdiyi an

Ağsu rayonunun Kəlva kəndində Ağsu çayı məcrasından çıxaraq ətraf əraziləri, o cümlədən tikinti texnikasını su altında qoydu. Həmin anda texnikaların birində iki əməkdaşımız var idi. Onların həyatları bir anın içində təhlükəyə düşdü — güclü su axını onları istənilən an apara bilərdi. Hadisə yerinə dərhal sahə rəisi Həyatullayev Pərviz Qəni oğlu gəldi.

Pərviz bir an belə tərəddüd etmədi. O, bütün əməkdaşlara geri çəkilməyi əmr etdi və özü ekskavatorun qovşuna qalxaraq iş yoldaşlarını xilas etməyə çalışdı. Həyatını təhlükəyə ataraq dəfələrlə cəhd etdi ki, onlara çata bilsin. Lakin amansız təbiət bu səyləri boşa çıxardı — sel ekskavatoru və onun içində olan Pərvizi özü ilə apardı… Texnika çevrildi və suyun dibinə batdı. Biz yalnız bir mühəndisi deyil, böyük qəlbli, sarsılmaz iradəli bir insanı itirdik.

Pərviz təkcə peşəkar mühəndis və rəhbər deyildi. O, 800-dən artıq əməkdaşın çalışdığı sahəyə rəhbərlik edən, eyni zamanda dürüst, ədalətli və cəsarətli bir lider idi. Bu vəzifəni başqasına da tapşıra bilərdi, amma özü getməyi seçdi. Əsl komandir kimi, təhlükənin qarşısında durdu. O, tam şüurlu şəkildə, gözlərini qırpmadan, başqalarının həyatını xilas etmək naminə canını fəda etdi.

Pərviz dörd övlad — üç qız və bir oğul atası idi. Onun itkisi ailəsi üçün, şirkətimiz üçün və bütövlükdə ölkəmiz üçün ağır bir itki oldu. Onun göstərdiyi qəhrəmanlıq hər kəsin yaddaşında əbədi qalacaq — istər onu tanıyanlar, istərsə də bu hadisəni xəbərlərdən eşidənlər üçün. O, kollektivimizdə sevilən və hörmət edilən bir şəxs, gənc nəsil üçün nümunə, cəsarət və sədaqət simvolu idi.

Həyatullayev Pərviz Qəni oğlu 30 iyun 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini “Nəqliyyat yollarının tikintisi (avtomobil yolları və aerodromlar)” ixtisası üzrə bitirmişdir. 2009–2015-ci illərdə və 2016-cı ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək EVRASCON şirkətində çalışaraq mühəndisdən sahə rəisi vəzifəsinə qədər yüksəlmişdir. Onun son layihəsi Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun (Lot-1, 0+000–14+000 km) tikintisinə rəhbərlik idi.

Pərvizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Biz onun itkisinə dərindən kədərlənir, eyni zamanda göstərdiyi qəhrəmanlığa görə minnətdarlıq hissi keçiririk.

Allah rəhmət eləsin.