29.12.2025

“Bakı Ağ Şəhər”də yeni piyada körpüsünün açılışı

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də olub, burada yeni piyada körpüsünün açılışında iştirak ediblər. Bu layihə təkcə paytaxt infrastrukturi üçün deyil, həm də Azərbaycanın inşaat sektoru üçün əlamətdar hadisədir. Körpünün tikintisi tamamilə yerli şirkət olan “Evrascon” tərəfindən həyata keçirilib. Xüsusilə vurğulamaq lazımdır ki, bütün tikinti-quraşdırma işləri yalnız azərbaycanlı mütəxəssislərin gücü ilə görülüb. Layihənin icrası zamanı heç bir xarici podratçı şirkət cəlb edilməyib. Bu cür mürəkkəb bir obyektin uğurla təhvil verilməsi yerli inşaat sənayesinin yüksək potensialını nümayiş etdirir. “Evrascon” şirkəti öz resurslarına, yerli mühəndis və inşaatçıların təcrübəsinə əsaslanaraq, işləri ən yüksək beynəlxalq keyfiyyət standartlarına uyğun yerinə yetirməklə öz peşəkarlığını bir daha təsdiq edib. Yeni körpü artıq “Bakı Ağ Şəhər” memarlıq ansamblının ayrılmaz hissəsinə çevrilərək, piyadaların rahatlığını və təhlükəsizliyini təmin edir.